Məşədi, böylə xəbər var gələcək NATO bura,
Biz hara, NATO hara?!
Təzə reklam da yazıb kənddə vurublar hasara,
Biz hara, NATO hara?!
Kişi Vallah, bir aya serbləri xamuş elədi,
Ona "bir quş" elədi.
Bizə "quş" növbəsi kaş düşməyə bu cırhacıra,
Biz hara, NATO hara?!
Gəlişinnən hamıdan çox sevinir Fatmanisə.
O deyir sərfdi bizə.
Yaman alver gedəcək, ağ da qara, bağ da qara,
Biz hara, NATO hara?!
Deyirəm arvada bəlkə bağı NATO-ya sataq?!
Bu bağın daşın ataq.
Deyir hardan tutarıq bəs gələn il abi-qora,
Biz hara, NATO hara?!
Bu amerikanlara yəqin ki, nökər lazım olar,
Onu da bizdən alar.
Kişilər ölkədə onsuz da qalıblar avara,
Biz hara, NATO hara?!
Qarabağ üzrə vəkillər alar asudə nəfəs,
Açılar bağlı qəfəs.
Daha qaçqın-filan heç onları sıxmaz divara,
Biz hara, NATO hara?!
Gələn ilçün gələ bilməzsə düşər müşkülə iş.
Belə fal açdı Mətiş.
O biri əsrə qalarsa, düşəcək vurhavura,
Biz hara, NATO hara?!
Ola bilsin dedilər, NATO-da Vartan da ola,
Yana dartan da ola.
Bunu aşkar eləməkçün çıxıb Orxan da "şar"a,
Biz hara, NATO Hara?!
O zaman ingilisi "vurrey" ilə qarşıladıq,
Ona quyruq buladıq.
O yedi buterburod, bizləri tutdurdu şora,
Biz hara, NATO hara?!
Biri korrupsionerdir, o biri missioner,
Sən isə pensioner.
Deyirəm, Əbdüləzim, sən başıvu soxma ora,
Biz hara, NATO hara?!
Zamanın Sahibi gəlmir ki, bəşər rahat ola,
Ulu şahlar mat ola,
Baba Pünhan da qalıb Rac kimi yazıq-avara,
Biz hara, NATO hara?!
MƏŞƏDİ, BÖYLƏ XƏBƏR VAR GƏLƏCƏK NATO BURA...
Xülasə