İlahi ehtiyatın İslam ümmətinə tanıtdırılması
Məhdud məlumatları nəzərə alaraq Ayətullah Seyid Müctəba Xameneinin elmi, praktiki, idarəçilik və mənəvi cəhətlərdən «Vəliyyi-əmr» məqamına daha layiqli namizəd olması məsələsinə aydınlıq gətirməyə çalışmışıq.
Bu məlumat sırf vilayəti-fəqih xəttinə bağlı olan möminlərin tanışlıq əldə etməsi üçün nəzərdə tutulub.
İslam İnqilabının yeni ali dini rəhbəri Həzrət Ayətullah Seyyid Müctəba Xamenei kimdir?
YÜKSƏK ELMİ VƏ FİQHİ DƏRƏCƏ
(Rəhbərlik üçün zəruri şərt)
1. Fiqh sahəsinin zirvə şəxslərinin təsdiqi
Açar məqam: Ayətullah Seyid Müctəbanın ictihad və fiqhi dərinliyinin ən güclü dəlillərindən biri ona ictihad icazəsinin dövrün ali dərəcəli bənzərsiz təqlid mərcəyi olan Həzrət Ayətullah əl-üzma Vəhid Xorasani tərəfindən verilməsi və bu ictihadın onun tərəfindən təsdiq edilməsidir.
Ayətullah Vəhid ictihad icazəsi vermə məsələsində həddən artıq ciddi və dəqiq olması ilə tanınır. O, heç kəsə asanlıqla ictihad icazəsi verməz. Onun bu icazəsi Ayətullah Seyid Müctəbanın fiqh və üsul elmləri baxımından yüksək ictihad dərəcəsinə yetişməsinin və güclü istinbat qabiliyyətinə malik olmasının möhrüdür.
2. Tədris və mübahisədə unikal istedad sahibi olması
(Samirra tədris metodu)
Açar məqam: Tədris etdiyi «Xaric»* dərslərində «Samirra tədris metodu»ndan istifadə etdiyi məlumdur. Bu, fiqh və və üsul sahəsində mövcud olan bütün fikir, nəzəriyyə və dəlillərə misilsiz hakimlik, habelə çox yüksək analiz və ümumiləşdirmə qabiliyyəti tələb edən qabaqcıl bir metoddur. Bu metoddan az istifadə olunur, çünki keçmiş və müasir nəzəriyyələrə tam şəkildə əhatəlilik, onları dəqiq araşdırma və tənqid etmə bacarığı tələb edir. Bu tədris metodunu seçməsi onun fiqh məsələlərində güclü hafizəyə, dərin düşüncəyə və sistematik təfəkkürə malik olduğunu göstərir.
*Qeyd: Xaric dərsləri (dərsi-xaric) nədir?
Elmi-teoloji mərkəzlərdə təhsil, əsasən, üç mərhələdən ibarət olur:
Birinci mərhələ ibtidai və ya müqəddimə (1-ci səviyyə);
İkinci mərhələ ali (2 və 3-cü səviyyələr);
Üçüncü və son mərhələ "xaric" mərhələsi adlanır.
Birinci mərhələ 6, ikinci mərhələ isə, adətən, 4 il olur. Xaric mərhələsinin bəlli bir müddəti olmur. Bu mərhələ tələbənin istedadı, qavraması və zəkasından asılı olaraq iki ildən on ilə qədər davam edir. Bir və ikinci mərhələlərin dərsləri xüsusi kitablar əsasında tədris edilir. Xaric mərhələsinin dərsləri isə hər hansı xüsusi bir kitaba əsaslanmır. Dərslər mövzular üzrə keçirilir və tədrisçi Ustad öz fiqhi və üsuli nəzərlərini də tələbə auditoriyasına təqdim edir. Daha dəqiq desək, mühazirələrin mövzusu xüsusi bir kitab səviyyəsindən xaric olur. Buna görə də müəllim hər hansı mövzunun mühazirəsi zamanı bəzən yüzdən artıq kitaba müraciət etməli olur. Qeyd olunan səbəbdən bu mərhələ xaric mərhələsi adlandırılmışdır.
3. Şəhid Rəhbərin nəzərində elmi mərcəiyyəti
(Ona “Ürəvətül-vüsqa”ya şərh yazmasını tövsiyə etməsi)
Açar məqam: İnqilabın şəhid Rəhbəri İmam Xameneinin rəhbər olduğu dövrlərdə dəfələrlə övladına «Niyə “Ürvəyə” (Ürvətul-vüsqa kitabına) haşiyə yazmırsınız?» deyə tövsiyə verdiyi bildirilir. Bu, sadə bir atalıq tövsiyəsi deyil, ən elmli fəqih və Vəliyyi-əmr tərəfindən onun ictihad və fiqh sahəsində yüksək bilik və bacarığa malik olmasının əsaslı göstəricisi və rəsmi təsdiqidir.
Şiə məzhəbinin fiqh sahəsi üzrə ən mühüm və ən əhatəli mənbələrindən olan «Ürvətül-vüsqa» əsərinə haşiyə yazmaq hər fəqihin işin deyil, yalnız yeni fiqhi prinsip və görüşlərə malik olan mütəxəssis müctəhidlər bunu edirlər. Bu, Şəhid Rəhbərin onun elmi və ictihad potensialına tam şəkildə etimad etdiyini göstərir.
4. Elmi təvazökarlığı və məşhurlaşmaq istəməməsi
(Xaric dərslərini dayandırması)
Açar məqam: Tələbələrinin sayı atasının dərslərində iştirak edən tələbələrin sayını keçməyə başlayanda (təxminən 1300-1500 nəfər), «Xaric» dərslərini dayandırması onun elmi həyat tərzinin çox mühüm və örnək götürülməsi zəruri olan cəhətlərindən biridir. Bu addım onun ixlasını, təvazökarlığını, vəliyyi-əmr məqamını dərindən dərk etdiyini, nəfsani istəklərdən və şöhrətpərəstlikdən qaçdığını göstərir. Bu həm də onun üçün elmi şöhrət və rəhbərliyin deyil, vəzifəyə əməl etmənin, hədlərin qorunması və vəliyyi-əmrə tabeçiliyin əsas prioritet olduğunu göstərir. Qeyd olunan cəhət Ayətullah Seyid Müctəbanın elm və əməl sahəsindəki mənəvi paklığı və xalislik ruhiyyəsindən xəbər verir.
5. Fiqh və üsul sahələrində novatorluq və məktəb yaratmaq
Açar məqam: Təqdim olunan məlumat qeyd edildiyi kimi, onun qətiyyətli səyləri ilə müşayiət olunan fitri istedadı hövzə elmlərində (xüsusilə fiqh, üsul və rical elmlərində) qətiyyətli yeniliklərin irəli sürülməsinə səbəb olmuşdur.
Onun şəri hökmün həqiqət və mahiyyəti, hökmün dərəcələri, hökmlərin meyarları və s. kimi fundamental mövzularda irəli sürdüyü nəzəri yeniliklər əhatəli bir elmi məktəbin formalaşmasına gətirib çıxarmışdır.
Şeyx Ənsaridən İmam Xomeyniyə qədər olan böyük alimlərin üsul və fiqh məktəblərinə elmi hakimliyi, imamların səhabələri və qədim imamiyyə alimlərinin fikir və rəylərinə xüsusi diqqəti bu məktəbin zənginliyini artırmışdır. Sözügedən cəhətlər göstərir ki, o, bir təqlidçi və ya şərhçi deyil, fiqh və üsul sahələrində nəzər sahibi və novator olmuşdur.
Bu bölmənin xülasəsi: Bu faktların ümumi məcmusu göstərir ki, Həzrət Ayətullah Seyid Müctəba Vəliyyi-fəqih məqamına təyin edilmək üçün zəruri olan bütün yüksək elmi və fiqhi şərtlərə tam şəkildə malikdir.
İDARƏÇİLİK SƏLAHİYYƏTİ VƏ RƏHBƏRLİK TƏCRÜBƏSİ
1. Şəhid Rəhbərin etibarlı müşaviri və güclü köməkçisi
Açar məqam: İnqilabın Şəhid Rəhbərinin yüksək vəzifəli dövlət rəsmilərinə (Hicazi, Fədai, Sərdar Fədəvi və s.) dəfələrlə dediyi «Ağa Müctəbanın rəyləri mənim rəylərimdir» cümləsi Vəliyyi-fəqih tərəfindən onun strateji analiz, zəka və düşüncə qabiliyyətinə tam etimad edilməsinin aşkar dəlilidir. Bu cümlə onu göstərir ki, Ayətullah Seyid Müctəba Xamenei sadə bir müşavir və əlaqələndirici deyil, dövlətin xüsusilə həssas və həyati əhəmiyyət daşıyan məsələləri ilə bağlı çox mühüm qərarlarının qəbul edilməsi prosesində ən yüksək səviyyədə rol oynayan və Şəhid Rəhbərin tam etimad göstərdiyi bir adam olmuşdur. Belə bir etimad səviyyəsi yalnız siyasi bəsirət və unikal bir idarəetmə bacarığına əsaslanır.
2. Böhran şəraitində operativ idarəetmə və həssas qərarların qəbul edilməsi
Açar məqam: Dey ayındakı (yanvar/2026) iğtişaşları idarə etmək üçün yaradılan 3-4 nəfərlik şurada (hərbi və təhlükəsizlik xidmətinin Sərdar Radan və Sərdar Pakpur kimi yüksək rütbəli şəxsləri ilə birlikdə) yer alması ölkənin həyat əhəmiyyətli təhlükəsizlik məsələləri ilə bağlı qərarların qəbul edilməsində onun aktiv və effektiv rol oynadığını göstərir. Bu onun sadəcə bir alim və nəzəriyyəçi deyil, həssas məqamlarda və böhran vəziyyətlərində ölkəni problemlərdən xilas edə bilən qətiyyətli bir meydan adamı olduğunu sübut edir. Ən yüksək təhlükəsizlik səviyyəsində qazanılmış bu təcrübə, ölkənin gələcək rəhbərliyi üçün çox böyük əhəmiyyət kəsb edir.
3. Beynəlxalq məsələlərin tam əhatəli qavranılması və analiz edilməsi
Açar məqam: Beynəlxalq məsələləri tam əhatəli bilməsi, qavraması və bu məsələlərlə bağlı güclü və dəqiq analizlərinin olması, xüsusilə beynəlxalq idarəetmə sahələrində dövlətin yüksək rütbəli rəsmiləri ilə sıx əlaqələri onun dünya və regionun geopolitikasını dərindən bildiyini göstərir. Hərbi komandanlar və Müqavimət Cəbhəsinin liderləri ilə əlaqələri onun strateji və transmilli baxış bucağından xəbər verir. Bu xüsusiyyət Müqavimət Cəbhəsinin bayraqdarı olan ilhamverici və qlobal bir dövlətin rəhbərliyi üçün zəruri və həyati bir şərtdir.
4. İnqilabın təşkilatlandırılması və inqilabi cərəyanın idarə edilməsi
(gənclik dövrü)
Açar məqam: İnqilabın Şəhid Rəhbərinin 1379-cu ildə (2000) ona «Bu il Quma getmə və inqilabi cərəyanı təşkilatlandır», - deyə verdiyi birbaşa göstəriş və bu işin cənab Laricani, Rəisi, Haddad Adil və Bahünər kimi şəxsiyyətlərin iştirak etdiyi iclaslarda izlənilməsi onun hələ gənclik illərindən icraedici, təşkilati və rəhbərlik qabiliyyətinə malik olmasının bir sübutdur. Bu, onun ilk dövrlərdən ölkənin siyasi və inqilabi məsələlərinin mərkəzində fəal şəkildə yer aldığını, inqilabi qüvvələri təşkilatlandırmaq və idarə etmək bacarığına malik olduğunu göstərir. Bu praktiki siyasi və icraedici təcrübə onun elmi potensialını tamamlayır.
5. Yüksək rütbəli dövlət rəsmilərinə məsləhət vermə təcrübəsi
Açar məqam: O, ölkənin yüksək rütbəli rəsmilərinə məsləhət vermək təcrübəsinə də malikdir. Bu fakt onun ölkənin idarə edilməsi məsələlərini çox yaxşı bildiyini, müxtəlif sahələrdə praktiki və peşəkar həll yolları təqdim edə bilmə bacarığına malik olduğunu göstərir. Düzdür ki, ölkənin bütün məsələlərinə Şəhid Rəhbər qədər hakim olmaya bilər. Bu, təbiidir, lakin idarəçilik məsələlərinə dair nisbi və dərin bliyə malik olması danılmazdır.
Bu bölmənin xülasəsi: Bu faktlar gözlər önündə fəqihlik və elmi dərinliyə malik olmaqla yanaşı, ölkənin yaxşı şəkildə idarə edilməsi, böhran vəziyyətlərində qərar qəbul etmə, ölkə və beynəlxalq səviyyəli strateji məsələlərdə yüksək idarəçilik təcrübəsinə və qabiliyyətinə malik olan bir şəxsin simasını canlandırır. Bu parametrlər onun «Vilayəti-əmr» kimi mühüm bir vəzifəni tutmaq üçün kifayət edən şərtləri özündə ehtiva etməsinin sübutudur.
DÜŞMƏNİN PSİXOLOJİ FƏALİYYƏTLƏRİ
1. Rəhbərliyin irsi olması şübhəsi
İzah:
A) Əsas meyar vərəsəlik deyil, ləyaqət prinsipləri və qanuni mexanizmlərdir: İran İslam Respublikasında rəhbərin seçilməsi Konstitusiyada müəyyən edilmiş və Xubriqan Məclisi (Ekspertlər Şurası) tərəfindən həyata keçirilən bəlli bir hüquqi mexanizmə əsaslanır. Bu seçim fərdin ailə mənsubiyyəti və ya vərəsəlik əsasında deyil, fiqh elmi, ədalət, təqva, idarəçilik və siyasi bəsirət kimi səlahiyyət və ləyaqətlilik göstəricilərinə əsaslanır. Əgər ən layiqli şəxs təsadüfən əvvəlki rəhbərin övladıdırsa, bu, artıq vərəsəlik deyil, sadəcə əvvəlki rəhbərlə ailə bağı olan bir şəxsin layiqliliyinin üzə çıxmasıdır. Hər hansı şəxsi sırf ailə mənsubiyyətinə görə bu vəzifədən məhrum etmək özü ləyaqətlilik prinsipinin pozulmasıdır.
B) Dünya və İslam tarixindən nümunələr
Dünya tarixindən nümunələr: Qərbin bir çox demokratik sistemlərində də prezident və ya baş nazirlərin övladlarının ölkənin qanuni prosedurlarından keçərək yüksək vəzifələrə təyin edildiyinin şahidi olmuşuq (ABŞ-nin özündə ata və oğul Buşları buna nümunə göstərmək olar). Həmin ölkələrdə qanuni prosedurlar tətbiq edildiyi üçün heç kim bunu vərəsəlik adlandırmır.
İslam və şiəlik tarixindən nümunələri: İslam və şiəlik tarixində elmi və dini rəhbərliyin atadan oğula keçdiyini göstərən çoxsaylı faktlar mövcuddur. Birinci və ikinci mərhum Səduqlar, Əllamə Hilli və Fəxrül-Mühəqqiqin, birinci Məclisi və Əllamə Məclisini buna misal göstərmək olar. Bu nümunələr göstərir ki, əsas prinsip vərəsəlik olmasa da, düzgün tərbiyə mühiti, alim və məsum insanların ailəsində yetişib tərbiyə almaq övladların inkişafı və onların yüksək ləyaqətlilik tələb edən dərəcələrə yetişməsinə zəmin yarada bilər. Peyğəmbərlik və imamət ailəsində yetişmiş pak Əhli-beyt (əleyhimissalam) də bu cəhətdən ən yaxşı nümunədir.
C) Xüsusi bir ailədə tərbiyə alması: Ayətullah Seyid Müctəba Xamenei Şəhid Rəhbər kimi bir atanın və yüksək tərbiyə sahibi olan bir ananın ailəsində tərbiyə almışdır. Bu mühit böyük vəzifələrdə təmsil olunmaq üçün zəruri olan xüsusiyyətləri formalaşdıran münbit zəmindir.
2. Səlahiyyətsizlik və xarakter zəifliyi şübhəsi (Trampın xətti)
İzah:
A) İmam Xomeyninin (r.ə) qaydası: Düşmən kimi hədəfə alıb?
İmam Xomeyni (r.ə) buyurub: «Əgər yolu itirsəniz, baxın görün düşmən kimi hədəfə alıb». Bu, fitnələrin toz-dumanlı mühitində haqqı batildən ayırmaq üçün parlaq bir meyardır.
B) Trampın bəyanatları və düşmənin hədəf seçimi: Hazırkı şəraitdə rəsmi və aşkar düşmənimiz olan Tramp Ayətullah Seyid Müctəba Xameneinin adını çəkərək açıq şəkildə onun İran rəhbərliyi üçün «qəbulolunmaz» olduğunu bildirir və onu «zəif» hesab edir. Bu bəyanatların özü onun «səlahiyyət» və «bacarığının» sübutudur. Əgər o zəif olsaydı, əsas düşmənimiz ondan niyə bu qədər qorxar və seçilməsinə müxalif olardı?
C) Düşmənin iddiasındakı ziddiyyət: Onu zəif adlandıran düşmən, əslində, cəmiyyətdə ruh düşkünlüyü yaratmaq və onu gözdən salmaq məqsədilə belə bir iddia irəli sürür, amma reallıqda düşmən onun gücündən və nüfuzundan qorxur.
3. Şəhid Rəhbərin irsi rəhbərliyə müxalif olması şübhəsi
(Ayətullah Yəzdiyə istinadən)
İzah:
A) Şəhid Rəhbər tərəfindən aşkar və qəti təkzib: «Ağa (rəhbər) irsi rəhbərliyə müxalifdir və Ağa Müctəbanın rəhbərliyinə qarşı çıxıb» iddiası ortaya atılanda İnqilabın Şəhid Rəhbəri özü bu cümləni təkzib edərək buyurmuşdur: «Mən bu cümləni deməmişəm, gedin iclasın səs yazısını dinləyin».
B) Məsul şəxsin təsdiqi: Xubriqan Məclisinin (Ekspertlər Şurası) Təhqiqat Komissiyasının katibi cənab Şeyx Məcid Yəzdi də iclasın mətnini və səs yazısını araşdırdıqdan sonra həmin iclasda Ağa Müctəba Xameneinin rəhbərliyini inkar edən heç bir məqamın olmadığını təsdiqləmişdir.
C) Bu təkzib göstərir ki, Şəhid Rəhbər övladının layiqlilik məsələsinə qarşı çıxmamış, üstəlik dövlətə ləkə gətirə biləcək hər hansı yanlış anlaşılmaya və ya şayiəyə son qoymağa çalışmışdır.
4. Meydanda olmamaq (üzdə görünməmək) və tanınmamaq şübhəsi
İzah:
A) Səhnə arxasında qərar qəbuletmə və etibarlı müşavir fəaliyyəti: Əvvəlki bölmələrdə qeyd edildiyi kimi, o həm səhnədə olmuş, həm də çox böyük və mühüm strateji qərarların pərdəarxasında etibarlı bir müşavir fəaliyyəti göstərmiş, Şəhid Rəhbərin etibarlı müşaviri kimi ölkənin bir çox həyati məsələlərində, o cümlədən təhlükəsizlik, hərbi və beynəlxalq sahələrdə həlledici rol oynamışdır.
Bu növ fəaliyyət ön planda olan və media vasitələrinin izlədiyi icra fəaliyyətlərindən qat-qat mühüm və effektivdir.
B) Məşhur olmaqdan qaçma və vəzifələrə təmərküzləşmə: Şöhrətpərəstlikdən uzaq durmaq, tapşırılmış vəzifələrə və elmi işlərə təmərkzüləşmək onun həyat tərzinə xas olan bir cəhətdir. Bu xüsusiyyət özü rəhbər şəxsdə çox mühüm əhəmiyyət daşıyan ixlasın olduğundan, vəzifəpərəstliyin olmadığından xəbər verir.
C) «Başqa bir iş» üçün tərbiyə olunmaq: Hörmətli anasının (Şəhid Rəhbərin həyat yoldaşı) son vaxtlar ona qarşı edilən hücumlar zamanı söylədiyi: «Mən Müctəbanı başqa cür tərbiyə etmişəm. Belə sözlər onun şənində deyil» sözləri onun adi vəzifələrdən daha uca məqamlar üçün xüsusi olaraq yetişdirildiyini və hazırlandığını göstərir.
MƏNƏVİ VƏ ƏXLAQİ YÖNLƏR
(Layiqliliyi təkmilləşdirən amillər)
1. Mənəvi paklığı və həyatında hər hansı qaranlıq məqamın olmaması
Açar məqam: Paklıq və iffət baxımından onun həyatında heç bir qaranlıq məqam tapmaq olmaz. Düşmənlərin dövlət məmurlarının kiçik bir büdrəməsini axtardıqları bir cəmiyyətdə bu məsələ çox böyük əhəmiyyət kəsb edir. Rəhbər şəxs üçün zəruri hesab edilən bu paklıq şərti düzgün tərbiyənin və nəfsin daim nəzarətdə saxlanılmasının nəticəsidir.
2. Əxlaq və irfan ustadları ilə sıxı əlaqədə olması
Açar məqam: Ayətullah Bəhauddini, Bəhcət, Kəşmiri və Şeyx Cəfər Müctəhidi kimi görkəmli mərcələr, əxlaq və irfan ustadları ilə davamlı və sıx əlaqədə olması onun mənəviyyat məsələlərinə çox diqqət yetirməsindən və irfani seyr-sülukundan xəbər verir.
Bu əlaqələr onun mənəvi dərinliyinin, dinin batini yönlərinə və nəfsin tərbiyəsinə verdiyi önəmin sübutudur. Özünütərbiyə və irfan əhli olan bir rəhbər cəmiyyəti də mənəviyyata və ilahi dəyərlərə doğru yönəldə bilər.
3. Xüsusi tərbiyə və anasının nəzərində xüsusi mövqeyə sahib olması
Açar məqam: Hörmətli anasının hücumlar qarşısında dediyi: «Mən Müctəbanı başqa cür tərbiyə etmişəm və bu sözlər bizim Müctəbalarımızın şənində deyil» sözləri dərin məna ifadə edir. Bu sözlər onun maddi gözləntilərdən və adi vəzifələrdən daha üstün bir məqam üçün xüsusi olaraq hazırlandığını göstərir. Bu tərbiyə əxlaqi, mənəvi və inqilabi dəyərlərə əsaslanmış və onu mühüm vəzifələrə hazırlamışdır.
4. İxlas və şəxsiyyətmərkəzlilikdən qaçmaq
Açar məqam: Onun Qum Elmi Hövzəsində fiqh elminin gücləndirilməsi ilə bağlı qayğıları müxtəlif elmi yanaşmalara malik olan fiqh mərkəzləri və məktəblərinin yaradılmasına və himayə edilməsinə səbəb olmuşdur. Bu addım onun kollektivlik ruhiyyəsinə önəm verməsindən və şəxsiyyətmərkəzlikdən qaçdığını göstərir. O, İmam Xomeyni və Şəhid Rəhbərin ideoloji xəttini əsas götürmüş və bu, hövzənin bir çox böyük simaları tərəfindən alqışlanmışdır. Bu xüsusiyyət ümməti vilayət mehvəri və ilahi hədəflər ətrafında səfərbər etməli olan bir rəhbər üçün olduqca həyati əhəmiyyət daşıyır.
Bu bölmənin xülasəsi: Ayətullah Seyid Müctəba Xameneinin mənəvi və əxlaqi yönləri onun elmi və idarəçilik yönlərini tamamlayaraq rəhbərlik məqamına layiq olan kamil və layiqli bir şəxsiyyətin əhatəli portretini təqdim edir.
ÜMUMİLƏŞDİRMƏ VƏ VƏHDƏTƏ ÇAĞIRIŞ
1. Layiqlilik xüsusiyyətlərinin ümumiləşdirilməsi
Açar məqam: Elmi, idarəçilik və mənəvi xüsusiyyətlərinin (məktəb yaradan dərin fəqihlik xüsusiyyətinə malik olması, fiqh sahəsinin zirvə şəxsləri tərəfindən təsdiq edilməsi, Şəhid Rəhbərin etibarlı məsləhətçisi olması, böhran vəziyyətinin idarə edilməsi, beynəlxalq məsələləri dərindən bilməsi, mənəvi paklıq, irfani seyr-süluk, xüsusi tərbiyəyə sahib olması) məcmusu Ayətullah Seyid Müctəba Xameneini ölkənin və İslam ümmətinin gələcəyi üçün lazım olan kamil bir şəxsiyyət və “İlahi ehtiyat” olduğunu sübut edir.
2. İmperializmin düşmənçiliyi onun haqlı olmasının əlamətidir
Açar məqam: İmam Xomeyninin (r.ə) qaydasında qeyd edildiyi kimi, imperializm cəbhəsinin bir şəxsiyyətlə düşmənçilik etməsi həmin şəxsin haqlı və güclü olmasından xəbər verir. Ayətullah Seyid Müctəba Xameneiyə qarşı yönələn media hücumları və qara piar onun zəifliyinin deyil, əksinə, Allahın lütfü sayəsində indiyə qədər gizli qalmış gücünün və nüfuzunun sübutudur.
3. Vilayət məqamının əhəmiyyəti və gələcək rəhbərə beyət
Açar məqam: Vilayəti-fəqih məqamı dövlətin vəhdət və iqtidar oxudur. Bu məqam şəxsə deyil, vəzifəyə və ilahi mənsəbə bağlıdır. Qanun və şəriət meyarları əsasında bu kürsüdə oturan hər kəsə Allah tərəfindən yardımlar ediləcəkdir. Bizim vəzifəmiz ona beyət etmək və tabe olmaqdır. «Damarımızda axan qan rəhbərimizə fədadır». Bu beyət vilayət prinsipinə beyət, İmamın və Şəhid Rəhbərin yolunun davamıdır.
4. Bəsirətə və vəhdətə çağırış
Açar məqam: Bu həssas mərhələdə haqqı batildən ayırmaq üçün bəsirətə və vilayət oxu ətrafında birləşməyə hər zamankından daha çox ehtiyacımız var.
Düşmənin şübhələrinin ümmətin vahid sıralarını parçalamasına icazə verilməməlidir.
Müharibənin gələcəyi və Quranın ritorikası
Açar məqam: Müharibənin sonlandırılması və sülh mövzusunda tam «çəkindirmə» prinsiplərini rəhbər tutan Quran diskursuna diqqət yetirilməlidir. Bu o deməkdir ki, sülh və atəşkəs yalnız tam çəkindirmə nöqtəsinə çatdıqdan və düşmənin yenidən hücum etmək iqtidarında olmadığına əmin olduqdan sonra mümkündür.
Çəkindirmə gücü əldə etməzdən əvvəl irəli sürülən «gərginliyin azaldılması» diskursu keçmişdə artıq qarşılaşdığımız (aldandığımız) böyük bir tələdir.
Yekun qərarı verən tərəf Vəliyyi-fəqihdir, lakin xalq bu Quran diskursu ilə tanış olmalıdır ki, Vəliyyi-fəqihin qərarlarının arxasında dura bilsin.
Bu bölmənin xülasəsi: Bu həssas dövrdə Ayətullah Seyid Müctəba Xameneinin sübuta yetmiş səlahiyyətlərinə güvənərək, düşmən fitnələrinə qarşı bəsirət nümayiş etdirərək və vilayət oxu ətrafında birləşərək İslam ümməti üçün işıqlı gələcəyə doğru addımlayırıq. İnşallah.