Məclisi-Üns Ədəbi Birliyi
Bir gözələ baxmaram, gözdən oruc tutmuşam,
Şimşək olub çaxmaram, sözdən oruc tutmuşam.
Ömr deyil, qövrdür, dövr deyil çövrdür,
Dövr yalan dövrüdür, düzdən oruc tutmuşam.
Bayrağımız yüksəlib, ərşü səmanı dəlib,
Ta bu hökumət gəlib, həzzdən oruc tutmuşam.
Növbəyə dursun bəşər, tövbəyə gəlsin bəşər
Hamı desin sərbəsər, tezdən oruc tutmuşam.
Bilməmişəm dizlərim səcdələr üçün imiş,
Nazirimə çökdüyüm, dizdən oruc tutmuşam.
Xalq üzünə baxmağa, üzdə üzüm qalmayıb,
Ustulu tərk etmişəm, mizdən oruc tutmuşam.
Könlünü satdın baha, Pünhanı saldın aha,
Mən sizə gəlməm daha, sizdən oruc tutmuşam.
8 Yanvar 1997. Bakı
Mövzular