Orxan Məmmədovun azərbaycanlı ziyalılara, gənclərə və fikir sahiblərinə üçüncu müraciəti
03.12.2025
Vətəndaş dialoqunun məqsədi nədir?
İlk növbədə, bunu qeyd edək ki, vətəndaş dialoqunun hədəfi hamının eyni əqidə və ideologiyaya gəlməsi deyil. Biz "vətəndaş dialoqu" deyəndə əsasən aşağıdakı nəticələrə çatmağı nəzərdə tuturuq.
1 - Əsas məqsəd qarşılıqlı anlaşma və birgə yaşayış mədəniyyətini formalaşdırmaqdır.
2 - Məqsəd həm də bir-birimizi təhqir etmədən, hörmətlə dinləməyi və sağlam müzakirə aparmağı bir mədəniyyətə çevirməkdir.
3 - Bir-birimizi doğru, vasitəsiz tanımaq, siyasi, ictimai, iqtisadi və digər sahələrdə mövcud problemlərin həlli üçün ortaq baxışları, ümumi yanaşmaları müəyyənləşdirməkdir.
4 - Vahid bir millət olaraq vahid konseptual diskurs yaratmağa və ictimai dialoqun çərçivəsini formalaşdırmağa çalışmaqdır.
Əgər bu alınsa, onda cəmiyyətimizin identikliyini nəzərə alaraq mental və koqnitiv inkişaf vektorunu təyin edə bilərik. Bu isə, xalqın neomüstəmləkəyə çevrilmək təhlükələrindən azad olub sabit inkişaf xəttinə qədəm qoyması, cəmiyyət üzvlərinin hərtərəfli rifahının təmini üçün baslanğıcdır. Sizi əmin edirəm ki, təlaş göstərəcəyimiz, gələcəyimizi özümüz mühəndislik edəcəyimiz təqdirdə çox uzaq olmayan gələcəkdə İzzət, şərəf və səadət qapıları üzümüzə açılacaq! Əks təqdirdə, təhqir olunmağa və tarix səhnəsindən yox olmağa məhkumuq.