Skip to main content

ORXAN MƏMMƏDOVUN ZİYALILARA, GƏNCLƏRƏ VƏ FİKİR SAHİBLƏRİNƏ BİRİNCİ MÜRACİƏTİ

Azərbaycan Araşdırma Mərkəzi

Orxan Məmmədovun ziyalılara, gənclərə və fikir sahiblərinə birinci müraciəti


17.11.2025

“Vətəndaş dialoqu” və ölkənin “proyekt” halına salınmasının qabağını almaq üçün vahid diskurs zərurəti

Əziz ziyalılar və fikir sahibləri! Hazırda geosiyasi münasibətlər müstəvisində müşahidə edilən qarşıdurmalar, dünyanın tədricən birqütblü sistemdən uzaqlaşması, yeni güc mərkəzlərinin formalaşması şəraitində hadisələrə ayıq, rasional və strateji yanaşma zərurəti daha da artır. Bu baxımdan ziyalıların, fikir sahiblərinin, politoloqların, hərbçilərin və ümumilikdə milli məsuliyyət hissinə malik bütün vətəndaşların yeni siyasi diskurs yaratması üçün çalışması son dərəcə zəruridir. Müxalifət düşərgəsində olan siyasi qruplar, eləcə də iqtidar daxilində ölkənin gələcəyinə məsuliyyətlə yanaşan vicdanlı şəxslər! Siz hamınız bu prosesdə iştirak etməlisiniz. Çünki cəmiyyətdə genişmiqyaslı və səmimi vətəndaş dialoqunun formalaşdırılması artıq bir zərurət hesab olunur. Mövcud idarəçilik modelinin getdikcə “ailə tipli” struktura çevrilməsi Azərbaycanı milli maraqları olan dövlət statusundan uzaqlaşdıraraq tədricən daha çox “proyekt ölkə” formatına salır. Bu prosesi görməməzlikdən gəlmək həm milli təhlükəsizlik, həm də tarixi məsuliyyət baxımından olduqca təhlükəlidir. Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi məkanda ölkə real olaraq qlobal güclərin rəqabətinin təsir dairəsindədir və bu şəraitdə bütün xalq vahid strateji məkanda sanki birgə üzmək məcburiyyətində olduğu “vahid gəmidədir”. Belə bir durumda siyasi eqoizmi, şəxsi mənafeləri, sağlam olmayan rəqabəti və yersiz təəssübləri kənara qoymaq lazımdır. Onların yerinə “vətəndaş dialoquna” əsaslanan sağlam siyasi düşüncə tərzini təqdim etmək həyati əhəmiyyət daşıyır. Gecikmələrin qiyməti çox ağır ola bilər. Vaxtında atılmamış addımlar on milyon insanın taleyinə dağıdıcı təsir göstərə bilər. Bu səbəbdən bütün cəmiyyəti, milli məsuliyyət hissinə malik hər kəsi birgə düşünməyə, mövcud vəziyyətin obyektiv müzakirəsinə və ölkənin gələcəyinin qorunmasına çağırmaq vacibdir. Hədəfimiz, Azərbaycanın hansısa qrupun şəxsi maraqlarının alətinə çevrilməsinin qarşısını almaq, milli dövlətçilik konsepsiyasını təqdim etmək və ölkənin “proyekt” həddinə düşməyinin qabağını almaq olmalıdır.

back to top