Mənə bir yağlı yalan de...
Məni aldat gecə-gündüz
Sıfıra baxım deyim yüz
Yalanı cərgə ilən düz
Bir-ikisi azdı, kəlan de
Mənə sən yağlı yalan de
Danış ölkənin varından
Payızından baharından
Danışma sən ac qarından
Yoxdu ölkədə talan de
Mənə bir yağlı yalan de
Məni sən qoyun görürsən
Nə yalan var üyüdürsən
Yaddaşım yoxdu bilirsən
Azacıq yadda qalan de
Mənə sən yağlı yalan de
De ki, çəkmirik əziyyət
De ki, əladı vəziyyət
Ulağdı bu, hal-qəziyyət
Nə bilir ki, zər-palan de
Mənə bir yağlı yalan de
Pis nə varsa de qoyum qol,
Sağı göstər deyəcəm sol,
Mənə göstərmə doğru yol,
Əyri-üyrü bir dalan de!
Mənə bir yağlı yalan de!
Elə uydur inanım mən
Danışan vaxt qınanım mən
Başuva gəl dolanım mən
Ürəyim dərdə salan, de
Mənə sən yağlı yalan de
Məni aldadıb soyubsan
Sərvətim yiyib doyubsan
Adımı QOİ qoyubsan
İstəsən lap mozalan de
Mənə bir yağlı yalan de
Müəllif: Mirağa Dadaş