Neçə ildir başıma turp əkilir, lək yerinə,
Dəyişib indi zaman, turpu çıxart ək yerinə.
Alınan borcları qaytarmağa ümmid azalıb,
Bu səbəbdən, sağacaqlar, bizi əmcək yerinə.
Satılan əcnəbiyə bir də qayıtmaz geriyə,
Satılıb, çünki, gözəl tavusu ördək yerinə.
Məni bir parça çörək gör kimə möhtac elədi?!
Özü eşşəkdi, məni işlədir eşşək yerinə.
Qırılan bir ağaca, milli vəkil qeyzlənib,
Söz güzərana gələndə düşüb əsnək yerinə.
Qoca gördüm ki, kəfən aldı təqaüd puluna,
Can çıxınca, səriməkçün onu köynək yerinə.
Toxun acdan xəbəri onda olar ki, bunu bil,
Taxıla, gərçi, bəsirət gözü eynək yerinə.
Kimisi, öz itinə, kolbasa-kotlet yedirir,
Kimi gizlində jımıx çeynəyir, əppək yerinə.
Hanı, ey milli vəkil, dil-dil ötən tuti dilin?
Özünü qoymaginən bir belə pəltək yerinə.
Kiminin bardağı dop-dolu, kimin nimçəsi boş,
Tülkü bardağa düşübdür, Hacıleylək yerinə.
Güzdəyin daşı çatınca Bakıya, mülkə dönür,
Daşınan daş oturub ağladı, Güzdək yerinə.
Bu elin məllimi kimdir, bizə məlum eləmir?
Yeridir xalqa krasvordları məslək yerinə.
Ya İmam Məhdini göndər ki, zülüm həddin aşır,
Ya tamam milləti qır, məhv elə, milçək yerinə.
Sözünü ciddi deyən, "ciddi rejim"nən yaşayar,
Zarafatcıl Babasan, get yaşa təlxək yerinə.
Baba Pünhan
NEÇƏ İLDİR BAŞIMA TURP ƏKİLİR, LƏK YERİNƏ
Xülasə