Skip to main content

EY GÖZÜM QURBANI, KAŞ DAĞLAR YADINDAN ÇIXMASIN...

Xülasə
  • EY GÖZÜM QURBANI, KAŞ DAĞLAR YADINDAN ÇIXMASIN... Dinlə Yüklə

Ey gözüm qurbanı, kaş dağlar yadından çıxmasın,
Yas tutub dağlar, Qara-bağlar, yadından çıxmasın.

Kərbəla torpağı haqqın möhrüdür şəkk eyləmə,
Alnını vur möhrə torpaqlar yadından çıxmasın.

Sən cəza verdikdə, ya Rəbb, özlərin yüksək tutub,
Yoxsulu alçaldan, alçaqlar yadından çıxmasın!

Məncə təlxəkliklə yaltaqlıq yaxın bir janrıdır,
Təlxək ən'am alsa yaltaqlar yadından çıxmasın.

Ey cırıq başmaqla gəlmiş, indi mənsəb sahibi,
Hökmdar olsan da başmaqlar yadından çıxmasın.

Pullu, həm də sərt sifarişlər ilə təcrid olan,
Dilləri qandallı dustaqlar yadından çıxmasın.

Biz qiyamət imtahanıyçün belə lüttənmişik,
İmtahan vaxtında çılpaqlar yadından çıxmasın.

Hansı ünvandan gedən əsgər vətənçün can verib,
Bax həmən ünvandakı sağlar yadından çıxmasın.

Bir kasıb, bir varlıdan beş-on manat borc istəyə,
Varlı yoxsuldan qabaq ağlar, yadından çıxmasın.

Ey Mübariz, çox demokrat ölkələr "bardaq" imiş,
Qulp qoyanda bax, o bardaqlar yadından çıxmasın.

Düşmənə bəxş etdiyin dağlar yadından çıxsa da,
Pünhana çəkdirdiyin dağlar yadından çıxmasın.

Baba Pünhan

back to top