Məclisi-Üns Ədəbi Birliyi
Ey könül mülkümüzün sərvəri, sultanı, ana,
Sənin uğrunda fəda eyləyərik canı, ana.
Seyri-cənnətdi mübarək üzünün seyri mənə,
Neylərəm gülşəni, gülzarı, gülüstanı, ana.
Ana bir zati-müqəddəsdi, mələk xislətdir,
Qədəmiylə bəzəyər cənnəti-rizvanı, ana.
Mənim uğrumda ağartdın saçının qarələrin
Qurban ağ tellərinə ömrümün hər anı, ana.
Nə qədər nazlı gözəllər gələ dünya üzünə,
Atılan dırnağının min biri qurbanı, ana.
Nurlu simana nəzər salmaq ibadətdəndir,
Ey cahan mülkünün ən mötəbər insanı, ana.
Sənə bu şeiri Vüqar yazdı kiçik töhfə kimi,
Eyömür bağçamın ən ətrili reyhanı, ana.
Mərhum Əhli-Beyt şairi Vüqar Biləcəri
Mövzular