Skip to main content

ŞAH İSMAYIL VƏ FÜZULİNİN GÖRÜŞÜ

Azərbaycan Araşdırma Mərkəzi

16-cı əsrin iki böyük şəxsiyyəti — Şah İsmayıl Səfəvi və Məhəmməd Füzuli — ilk dəfə Bağdadda qarşılaşmışdılar.

Şah İsmayıl İraqa demək olar ki, heç bir müqavimət olmadan daxil olmuş, xalq tərəfindən böyük təntənə ilə qarşılanmışdı. O, Bağdad camaatı ilə söhbət etdiyi zaman həmin dövrdə hələ gənc bir şair olan Füzuli ilə də görüşmüş və ona yüksək ehtiram göstərmişdi.

Şah İsmayıl ona həm bir hökmdar, həm də bir şair kimi iltifat etmiş, Füzuli də eyni nəzakətlə qarşılıq vermişdi. Bu görüş gənc şairin yaddaşında dərin iz buraxmışdı. Elə buna görə də Füzuli özünün ilk böyük əsərlərindən olan “Bəngü-Badə”ni məhz Şah İsmayıla həsr etmiş və burada böyük Səfəvi hökmdarını belə tərifləmişdi:

Məclisəfruzi-bəzragahi-Xəlil,
Cəmi-əyyam, Şah İsmayil.
Ondan asudədir qəniyyü gəda,
Xəllədəllahü mülkəhü əbəda.

Lakin Osmanlı dönəmində hazırlanan bir çox nüsxələrdə bu hissələr çıxarılmış, beləliklə Füzulinin Şah İsmayıla olan məhəbbəti qəsdən gizlədilmişdir.

Füzulişünas Hasibə Mazıoğlu Füzulinin iki farsca qəsidəsində Təbrizə gedərək Şah İsmayılın diqqətini daha da çəkmək istədiyini qeyd edir. Əlavə olaraq, Şah İsmayılı Şahi-Nəcəfin nəslindən olan, bir müddət Nəcəfi özünə məqam seçən, düşmənləri ilə qılınc dili ilə danışan, səxavət sahibi və s. kimi sifətlərlə yad edir. Sadəcə Şah İsmayıla deyil, onun həkimi Rüknəddin və sərkərdələrinə də mədhiyyələr yazmışdır.


Mənbə: FÜZULİ YARADICILIĞINDA ŞAH İSMAYIL XƏTAİNİN TARİXİ PORTRETİ, ALLEQORİK TƏCƏSSÜMÜ VƏ ŞAİR ŞƏXSİYYƏTİ, səh: 88-90

back to top