Məclisi-Üns Ədəbi Birliyi
Daha hər tin başı gördüm tikilir bar küçədə
Qoyulub sərgiyə fərz eylə abır, ar küçədə
Nazir övladı alıbdır yeni bir marka maşın
Kasıb övladı yatarkən bir ömür xar küçədə
Polisin həddi nədir söylə?! vətəndaşı döyə
Zülmə mə'ruz qalıbdır çoxu aşkar küçədə
Bir ağız söz deyirik, həbsə salırsan bizi sən
Nə qədər sukaların, iş verənin var küçədə
Sən deyirdin çoxalıb iş yerimiz hər yerdə
Amma xəlq eylədi bû kəlməni inkar küçədə
Süpürür yerləri, sayəndə tapıb iş özünə
Yaşlı ağsaqqalı gördüm yorulub dar küçədə
Biri var Pünhan acından verə canın evdə
Yenə evdənsə, deyirlər ki, ümüdvar küçədə
Müəllif: Pünhan Qala
Mövzular